Regional şahmat: Səudların “atla gediş”inin səbəbi | TƏHLİL

      Regional şahmat:    Səudların “atla gediş”inin səbəbi    | TƏHLİL
  20 Aprel 2025    Oxunub:1665
Səudiyyə Ərəbistanının müdafiə naziri şahzadə Xalid bin Salman əl‑Səudun Tehrana səfəri yerli mediada sönük təqdim edilsə də, Yaxın Şərq dinamikasını izləyən ekspertlər üçün əsl “siyasi partlayış” oldu. İlk növbədə səfəri həyata keçirən şəxsin kimliyinə diqqət yetirmək vacibdir. Şahzadə Xalid bin Salman hazırkı kralın oğlu, eyni zamanda, varis şahzadə (vəliəhd) Məhəmməd bin Salmanın doğma qardaşıdır. Son 15 ildə Məhəmməd bin Salmanın yüksəlişinə yaxından siyasi və şəxsi dəstək verib.
Xalid bin Salman ABŞ-la münasibətlərdə də mühüm rol oynayıb. 2016-cı ildən etibarən Vaşinqtonda Səudiyyə Ərəbistanının səfiri kimi Donald Tramp administrasiyası, xüsusilə də Trampın kürəkəni Cared Kuşnerlə sıx əlaqələr qurub. ABŞ-da hərbi təhsil və diplomatik təcrübə onun daha sonra müdafiə naziri təyin edilməsində həlledici rol oynayıb.

Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlər tarixən gərgin olub. 1979-cu ilin İran İslam İnqilabından sonra bu gərginlik daha da dərinləşib. Hər iki tərəf birbaşa hərbi qarşıdurmadan qaçsa da, region ölkələrində proksi-qüvvələr vasitəsilə nüfuz uğrunda rəqabəti davam etdiriblər.
İki ölkə arasındakı münasibətlər 2016-cı ildə yenidən ciddi şəkildə pozulub. Həmin il Səudiyyə Ərəbistanında tanınmış şiə ruhani Nimr ən-Nimrin edam edilməsi İranda geniş etirazlara səbəb oldu. Səudiyyənin Tehrandakı səfirliyinə hücum edildi. Bu hadisədən sonra diplomatik əlaqələr tamamilə dayandırıldı və təxminən yeddi il davam edən diplomatik təcrid dövrü başladı. Bu müddətdə tərəflər bir-birinə mesajlarını əsasən regiondakı proksi-aktorlar vasitəsilə ötürürdülər.

Hazırda İran ətrafında vəziyyət kifayət qədər gərgindir. ABŞ və İran nümayəndələrinin masa arxasına əyləşmələrinə baxmayaraq, proseslərin dinamikası tez-tez dəyişir. Region uzunmüddətli qeyri-sabitlik riski ilə üz-üzədir. Təbii ki, Ər-Riyad İranın bölgədə təsirinin güclənməsində maraqlı deyil və bu təsirin məhdudlaşdırılmasına yönəlmiş siyasəti bəzən açıq, bəzən isə dolayı yollarla dəstəkləyir. Digər tərəfdən, Səudiyyə rəhbərliyi yaxşı anlayır ki, regionda hərbi və siyasi gərginliyin artması Hörmüz boğazında gəmi daşımalarına, xüsusilə də neft tankerlərinə ciddi təsir göstərə bilər. Bu isə Səudiyyə iqtisadiyyatının əsas sütunu olan neft ixracını zəiflədə və Krallığın büdcəsinə ağır zərbə vura bilər.

Gərginliyin artması həmçinin Donald Trampın Səudiyyə Ərəbistanına planlaşdırılan səfərinin təxirə salınması ehtimalını artırır. 2016-cı il seçkilərindən sonra Trampın ilk xarici səfəri məhz Ər-Riyada olmuş və bu səfər şahzadə Məhəmməd bin Salmanın siyasi nüfuzunun möhkəmlənməsi baxımından əhəmiyyətli rol oynamışdı. Gözlənilən növbəti səfər isə onun gələcək kral kimi reytinqini artıracaq və Kral ailəsi daxilində mövcud olan spekulyasiyaların qarşısını almağa xidmət edəcək.

Bu səbəbdən də, şahzadə Məhəmməd bin Salman qardaşı Xalid bin Salmanı Tehrana göndərməklə həm ABŞ-İran münasibətlərində irəliləyiş əldə etmək niyyətində olduqlarını nümayiş etdirir, həm də Tramp administrasiyasına bu prosesdə körpü rolu oynaya biləcəklərinə işarə edir. Əgər Tehran Ər-Riyadın vasitəçiliyi ilə Vaşinqtonla danışıqlarda irəliləyərsə, bu həm də Səudiyyəyə İslam dünyasında liderlik iddiasını möhkəmləndirmək fürsəti verəcək. Ər-Riyad bu halda geniş PR kampaniyasına başlayaraq, “müsəlman qardaşlarımızı fəlakətdən qoruduq” mesajı ilə İslam dünyasının vahid mərkəzi kimi çıxış etməyə çalışacaq.

Lakin bu strategiya uğurla nəticələnməzsə və regionda genişmiqyaslı münaqişə qaçılmaz olarsa, o zaman Səudiyyə rəhbərliyi “B planı”na keçərək, Hörmüz boğazında neft tankerləri üçün təhlükəsizlik zəmanəti məsələsini gündəmə gətirəcək. Ər-Riyad yaxşı xatırlayır ki, İraq-İran müharibəsi zamanı Tehran İraqın tankerlərə hücumlarına cavab olaraq, BƏƏ, Küveyt və Səudiyyəyə məxsus gəmiləri hədəfə almışdı.
Hörmüz boğazı hazırda Səudiyyə iqtisadiyyatı üçün əsas “nəfəs borusu” rolunu oynayır. Dünya üzrə dəniz yolu ilə daşınan xam neftin təxminən 20%-i Hörmüz boğazından keçir. Gündəlik təxminən 18 milyon barel neft bu dar boğazdan daşınır. Səudiyyənin neft ixracının haradasa 88%-i dəniz marşrutları ilə baş tutur. Bu səbəbdən, Hörmüz boğazında sabitlik Səudiyyə üçün həyatı əhəmiyyət daşıyır.

İran bu dəfə təhlükəsizlik təminatını verə bilər. Lakin qarşılığında Səudiyyə, Yəmən və BƏƏ ərazilərinin, eləcə də hava məkanının ABŞ hərbi qüvvələri tərəfindən istifadə edilməyəcəyinə dair təminat tələb edəcək. Prinsip etibarilə, Ər-Riyadın bu təminatı Tehrana verməsi mümkündür - xüsusilə də neftin axınının və iqtisadi sabitliyin təmin olunması müqabilində. Çünki ABŞ və bu prosesə cəlb olunacaq müttəfiqlər açıq hərbi münaqişə baş verdiyi təqdirdə uzunmüddətli qarşıdurmadan çox, dəqiq zərbələrlə İranın nüvə obyektlərini sıradan çıxarmağa yönəlmiş lokal əməliyyatlarda maraqlıdırlar. Məhz buna görə də, Ər-Riyad və Tehran potensial münaqişə halında bir-birinə qarşı müəyyən zəmanətləri nisbətən asanlıqla təqdim edə bilərlər.

Aqil Məmmədov
AzVision.az


Teqlər: Yaxın-Şərq   İran   Səudiyyə  





Xəbər lenti